Azərbaycan kino sənətinə şərəf gətirən rejissor və ssenarist Oqtay Mirqasımovun beş il əvvəl Prezident tərəfindən “Şərəf”, dünən isə “İstiqlal” ordeninə layiq görülməsi onun halal haqqıdır. Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olan istedadlı sənətkar “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başladığı gündən ötən 55 il ərzində milli kino sənətimizin inkişafına və dünyada tanıdılmasına dəyərli töhfələr verib. Hazırda Xalq artisti, ARKİ İdarə Heyətinin katibidir.
Oqtay Mirqasımov alim ailəsində doğulub. Atası – tibb elmləri doktoru Mir Əsədulla Mirqasımov AMEA-nın ilk prezidenti olub. Qardaşı Rüfət Mirqasımov ailə ənənəsi üzrə gedərək, elmə könül verib və fizika-riyaziyyat elmləri doktoru, AMEA-nını müxbir üzvlüyünə qədər yüksəlib. Amma Mirələsgər heykəltəraşlığı seçib, Xalq rəssamı olub. Oqtay Mirqasımov isə taleyini kinoya bağlayıb. Qızı Ayanı da, necə deyərlər, öz tərəfinə çəkə bilib: teatr və kino aktrisası olan Ayan xanım da atası kimi, Xalq artisti fəxri adına layiq görülüb.
Övladın ata haqqında dedikləri: “Mən atamla ilk dəfə "Ovsunçu" filmində işləmişəm. Həmin filmə çəkilən zaman özünə inamsızlıq hissi yaşayırdım. Bilmirdim çəkiliş vaxtı onunla ünsiyyətim necə alınacaq. Amma birinci gündən biz ata və qız fikrindən uzaqlaşdıq. Bundan sonra heç bir qorxu, həyəcan, kompleks yaşamadım. Onun çəkilişdəki davranışı, sözün yaxşı mənasında, məni təəccübləndirir”.
...Aprel ayında redaksiyamızda Oqtay Mirqasımovun iştirak etdiyi dəyirmi masada milli kinomuzun bu günü və sabahı ilə bağlı qayğılardan ətraflı söhbət açıldı. Görkəmli sənətkarın fikirlərində tənqidi notlar da vardı, amma nikbin bir ruh duyulurdu. Baş redaktorumuz Əflatun Amaşov illər öncə Monqolustanda keçirilmiş Azərbaycan mədəniyyəti festivalını xatırlayaraq dedi: “Oqtay Mirqasımov da orada idi, “Şeytan göz qabağında” filmini aparmışdı. Həmin film neçə dəfə nümayiş olundu. Qəzetlər yazırdı ki, nə əcəb sovet vaxtında belə film çəkilib? Aktual məsələnin qoyuluşu və filmin o cür dəyərləndirilməsi fərəhli idi. Axşam istirahəti saatlarında insanların yaxınlaşaraq Oqtay müəllimdən avtoqraf istəmələri hər birimizə xoş təsir bağışlayırdı”.
Oqtay müəllim təsdiqlədi ki, doğrudan da, o vaxt film öz sözünü dedi. Sonra da vurğuladı ki, Heydər Əliyevin kino, ümumiyyətlə, mədəniyyət, incəsənət və teatr strategiyası məhəbbət üzərində qurulmuşdu. “O bu sahəni sevdiyinə görə izləyir, diqqətində saxlayırdı. Ulu öndər senzuranın bizə olan hücumlarına beləcə sipər çəkirdi. Budur, artıq kinomuzun 125, kinostudiyamızın 100 illiyini qeyd edirik. Qazanılan bütün nailiyyətlərə görə məhz ulu öndərin ölməz ruhuna borcluyuq... Biz əxlaqi özəlliklərimizi Qərbin yeni dəblərinə qurban verməməliyik. Mentallığı qorumasaq, dağıdıcı proseslərə rəvac vermiş olarıq”.
Sonda Oqtay Mirqasımov bizə tövsiyə verdi: “Yaxşı olar ki, “Xalq qəzeti”ndəayrıca bir rubrika yaradılsın və orada xalqın sərvəti olan kinomuz haqqında kiçik təəssüratlar yer alsın, fikirlər söylənsin. Hətta düz yoldan sapa biləcək gənc rejissorlara tövsiyələr də qəzet səhifəsinə çıxarılsın...”
Səksən yaşlı sənətkarın filmoqrafiyasında sıralama sayı 60-dan yuxarıdır. Onun rejissor, ssenarist və aktyor kimi iştirak etdiyi sevilən, yaddaqalan çox sayda bədii, sənədli filmləri var. “Cin mikrorayonda”, “Dantenin yubileyi” kimi populyar filmləri sadalamaq olar.
Oqtay müəllim daim ciddi yaraqdıcılıqla məşğul olmaqla yanaşı, milli mədəniyyətimizin saflığını qorumaq uğrunda da mübarizə aparıb. Elə aprel ayında “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumundakı çıxışı da bu baxımdan ibrətamiz idi: "Bu gün təəssüf ki, ölkədəki kinoteatrlarda millətin zövqünü xarab edən bayağı, primitiv filmlər nümayiş olunur... Azərbaycan cəmiyyətinə bəzən elə filmlər təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən. İstəmirəm belə filmlər nümayiş olunsun”.
Görkəmli rejissorun nümunə ola biləcək filmləri çoxdur. Məsələn, 2008-ci ildə onun ssenarisi və quruluşunda lentə alınmış “Günaydın, mələyim” bədii filmində Vətənimizin ağrısı, taleyi və gələcək (o zaman üçün) qələbəsi də var. O.Mirqasımov o filmdə xalqımızın 2020-ci ildə Vətən müharibəsindəki qələbəsini irəlicədən görüb və göstərib. Qəribədir ki, repertuar siyasətini müəyyənləşdirən kimlərsə düz 12 il filmin nümayişini lazım bilməyiblər. Nəhayət, 2020-ci ildə İTV “Günaydın, mələyim”i göstərib.
Qısa qeydlərimizi yubilyarın bir ibrətamiz fikri ilə tamamlamaq istəyirik: “Arzu etməyi bacarmaq, saf niyyətli olmaq lazımdır”. Biz də Oqtay müəllimə uzun və sağlam ömür arzulayırıq!
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”
13.06.2023