"Bu gün Azərbaycanda festivallara görə müəllif kinosu adına xələl gətirirlər, festivalın mövzusuna görə filmlər çəkilir, bu, yolverilməzdir. Film ürəklə, vətəndaş mövqeyi ilə çəkilməlidir".
Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Film Fondunun direktoru Cəmil Quliyev "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, filmlərdə mövzu seçimi aktual məsələdir: "Biz müəllif kinosunu inkişaf etdirməliyik. Bu olmasa, nə kinomuz inkişaf edəcək, nə də kino tariximizi yaza biləcəyik".
Gənclərə dəstək vermək lazımdır: "Onlar üçün meydança olmalıdır. Müəllif kinosu gənclərin çəkdiyi ilk filmlərdən başlayır. "Debüt" studiyası canlanmalıdır. Onunla yanaşı digər studiyalar da".
Həmçinin,Forumda İttifaqlarla bağlı ona ünvanlanmış suala cavab olaraq Cəmil Quliyev demişdir: "Ölkədə fəaliyyət göstərən iki kino ittifaqı - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı - ictimai təşkilatdır və hər ikisinin 300-ə qədər üzvü var. İttifaqların birləşməsi onların üzvlərindən asılıdır. Birləşmək istəsələr, birləşəcəklər".
Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.