Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) rəhbərliyinin iştirakı ilə təşkil olunan dəyirmi masa milli kinematoqrafiyamızın 125 və “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileylərinə həsr edildi. Qonaqlarımız ARKİ İdarə Heyətinin katibləri – Xalq artistləri Oqtay Mirqasım, Vaqif Mustafayev və Əməkdar incəsənət xadimi Ayaz Salayev, İttifaqın icraçı katibi, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və ARKİ İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə idi.
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov qonaqları salamlayaraq, milli kinomuzun hər iki əlamətdar yubileyinin “Heydər Əliyev İli”nə təsadüf etdiyini xatırladaraq dedi ki, ulu öndər daim mədəniyyətə, o cümlədən kinoya diqqət və qayğı göstərmişdir. Ötən onilliklərdə ekran yaradıcılığı sahəsində xeyli uğur əldə edilmişdir.
Əflatun AMAŞOV:
– Qəzetimizin səhifələrində ölkənin ictimai-siyasi həyatının bütün sahələri kimi, milli kinomuzla bağlı mövzular da xüsusi yer tutur. Vaxtaşırı olaraq ayrıca rubrika ilə Azərbaycan kinosunun və “Azərbaycanfilm” kinostudiyasının yubileylərinə həsr olunan məqalələr dərc etmişik və bu iş yenə də davam edir. Məsələn, tanınmış kino tədqiqatçısı Aydın Kazımzadə redaksiyamızla sıx yaradıcılıq əlaqəsi saxlayır və maraqlı mövzularla tez-tez qəzetimizin səhifələrində çıxışlar edir. Bu gün sizinlə bir arada olmaq, fikirlərinizi dinləmək böyük sevincdir.
Cəmil QULİYEV:
– Əvvəla, bu görüşə görə minnətdarlığımı bildirirəm. “Xalq qəzeti”nin bizim yubileylərimizə diqqət ayırması önəmli faktdır.
Kinomuzun tarixinə, təşəkkülünə və inkişaf yoluna nəzər salsaq, burada bir məqam mübaliğəsiz qeyd edilməlidir: Azərbaycan kinosunun inkişafı, formalaşması, strategiyasının qurulması birmənalı olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra milli kinomuza diqqət xeyli artdı. 1976-cı ildə Heydər Əliyevin göstərişi ilə Azərbaycan kinosunun 60 illiyi keçirildi. Bakıya xarici ölkələrdən qonaqlar gəldi. Bir həftə ərzində möhtəşəm yubiley tədbirləri təşkil olundu. Heydər Əliyevin sayəsində “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası yaxşılaşdırıldı. O dövrdə kino şəbəkəsinin qurulmasına, kinoteatrların sayına görə respublikamız ölkədə üçüncü yerə çıxmışdı. Ukrayna, Qazaxıstan kimi respublikaları geridə qoymuşduq. Eyni zamanda, həmin dövrdə kinematoqrafçıların maddi rifahı yaxşılaşdırılmışdı. O zaman ümummilli liderimizin tapşırığı ilə kinematoqrafçılara bina verildi, uşaqları üçün Buzovna qəsəbəsində pioner düşərgəsi yaradıldı.
Müqayisə üçün daha bir fakt: əgər 1969-cu ildə cəmi bir Xalq artistimiz (Əjdər İbrahimov) var idisə, 1976-cı ildə Heydər Əliyevin sayəsində neçə-neçə görkəmli kino xadiminə Xalq artisti, Əməkdar incəsənət xadimi kimi fəxri adlar verildi. Həsən Seyidbəyli, Eldar Quliyev, Hüseyn Seyidzadə kimi xadimlər o vaxta kimi diqqətdən kənarda qalmışdılar, onlar da layiqli qiymətlərini aldılar.
Ümummilli liderin zamanında kinomuzda tarixi mövzulara daha çox diqqət yetirildi. “Nəsimi”, “Dədə Qorqud”, “Nizami”, “Babək” filmləri ulu öndərin təşəbbüsü ilə ərsəyə gətirildi. Müstəqillik əldə ediləndən sonra da ulu öndər kinoya lazımi diqqət ayırdı. Məhz Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 Avqust – Azərbaycanda Kino Günü təsis edildi.
Əflatun AMAŞOV:
– Yaxşı yadımdadır, AZƏRTAC qrupunun tərkibində Monqolustanda Azərbaycan mədəniyyəti festivalına getmişdim. Oqtay Mirqasım da orada idi, “Şeytan göz qabağında” filmini aparmışdı. Həmin film neçə dəfə nümayiş olundu. Qəzetlər yazırdı ki, nə əcəb sovet vaxtında belə film çəkilib? Aktual məsələnin qoyuluşu və filmin o cür dəyərləndirilməsi fərəhli idi. Axşam istirahəti saatlarında insanların yaxınlaşaraq Oqtay müəllimdən avtoqraf istəmələri hər birimizə xoş təsir bağışlayırdı.
Oqtay MİRQASIM:
– Çox sağ olun ki, həmin səfərimizi yada saldınız. Doğrudan da, film öz sözünü dedi o vaxt. Heydər Əliyevin kino, ümumiyyətlə, mədəniyyət, incəsənət və teatr strategiyası məhəbbət üzərində qurulmuşdu. O bu sahəni sevdiyinə görə izləyir, diqqətində saxlayırdı. Eldar Quliyevin “Bir cənub şəhərində” filmi var idi. Heydər Əliyevin müdaxiləsi olmasaydı, yəqin o film məhv ediləcəkdi. Ulu öndər üstümüzə olan hücumlara beləcə sipər çəkirdi.
Mən “Azərkinovideo”da işləyirdim. Ümumazərbaycan sərgisi keçiriləndə bizə tapşırıldı ki, kino da ayrıca stenddə təqdim olunsun. Heydər Əliyev kino stendinin qarşısında xeyli dayandı. Mən kino tarixinə aid faktları sadaladım. Bir filmə gələndə dedim ki, bu film 1938-ci ildə ekranlara çıxarılıb. Ulu öndər əlimi tutub yavaşca dedi ki, 38-ci ildə yox, 39-cu ildə ekranlara çıxıb. Heydər Əliyev, bax, belə dəqiq bilirdi kino tarixini.
Budur, artıq kinomuzun 125, kinostudiyamızın 100 illiyini qeyd edirik. Qazanılan bütün nailiyyətlərə görə məhz ulu öndərin ölməz ruhuna borcluyuq.
Əlbəttə, milli kinomuzun problemləri də yox deyil. Son zamanlar kino kluarlarında belə yanlış düşüncə yaranıb ki, bizim də filmlər Qərbdəki kimi olmalıdır. Bəli, xaricdə çəkiliş texnikası və kino dilinin inkişafı bizimkindən üstündür. Lakin bu, bizə əsas vermir ki, əxlaqi özəlliklərimizi nəyəsə qurban verək. Mentallığı qorumasaq, dağıdıcı proseslərə rəvac vermiş olarıq. Bir aktrisanın dediyinə görə, bu yaxınlarda tələbələrdən biri özünün kurs işində onun çəkilməsini istəyib. Ssenariyə baxan aktrisa dəhşətə gəlib. Sən demə, süjet xətti yaşlı qadının cavan oğlanla intim münasibətindən bəhs edirmiş. Aktrisa filmə çəkilməkdən imtina edəndə tələbə-rejissor deyib ki, bu film festivala gedəcək, orada belə şeylər istəyirlər. Əlbəttə, absurddur.
Yaxşı olar ki, “Xalq qəzeti”ndə ayrıca bir rubrika yaradılsın və orada xalqın sərvəti olan kinomuz haqqında kiçik təəssüratlar yer alsın, fikirlər söylənsin. Hətta düz yoldan sapa biləcək gənc rejissorlara tövsiyələr də qəzet səhifəsinə çıxarılsın...
Əflatun AMAŞOV:
– Elə etmək lazımdır ki, pis nümunələr təbliğ olunmasın. Yaşlı qadının cavan oğlanı sevməsi dünya kinosunda var. Ancaq yanaşma peşəkar olmalıdır, orada hikmət, maarifləndirmə olmalıdır. Vaqif müəllim, söz Sizindir. Onu da deyim ki, biz Mətbuat Şurasında Azərbaycan filmi ilə bağlı yeganə mükafatı Sizə vermişik.
Vaqif MUSTAFAYEV:
– Qəzetinizin yeni formatı, orada yer verilən yazılar, mövzular məni sevindirir. “Xalq qəzeti” artıq əl-əl gəzməyə başlayıb. Orada yazılan “Xalqın qəzeti” devizi özünü doğruldur.
Kinoya gəlincə isə, birbaşa deyim ki, hazırda qondarma kinoşünasların sayı çoxalıb. Hətta onlara mükəmməl bir film göstərəndə də bəyənmirlər. Halbuki, kökə bağlı olmaq və obyektivlik hissini itirməmək hər zaman vacibdir.
…“Hər şey yaxşılığa doğru” filmini çəkmişdim. Dövlət sifarişi deyildi, bir ingilis şirkəti dəstəkləmişdi və bu film nüfuzlu Hauzen festivalında 4 mükafata layiq görülmüşdü. Sonradan bilmişdim ki, onu Heydər Əliyev də bəyənib. Mədəniyyət nazirlərinin sammitində iştirakçılara deyibmiş ki, vaxtınızı boşuna keçirməyin, gedin, Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filminə baxın. Sözsüz ki, böyük qiymət idi. Bir dəfə də mənə müraciət edilmişdi ki, bəs, sizin filminizi ermənilər istəyirlər. Çaş-baş qaldım. Birinci Qarabağ müharibəsindən sonra belə təklifin olunması gözlənilməz idi. Ulu öndəri məsələdən xəbərdar elədim, məsləhət istədim. Dedi ki, sən çıxılmaz vəziyyətdə qalan adam deyilsən, axı. Həmin filmi dərhal göndərməliyik, fikirləşmədən. Qoy, onlar bu film vasitəsilə xalqımızın humanistliyini görsünlər. Ondan sonra filmi göndərdik.
Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev haqqında filmlərin müəllifi olmağımla hər zaman fəxr etmişəm. Ümummilli liderə həsr olunmuş 12 sənədli filmin müəllifiyəm.. Bu filmlərdən üçü – "Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” və “Xüsusi təyinat ” filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. Oradan qayıdandan sonra Heydər Əliyevlə görüşməli idim. O da Şəhidlər xiyabanına getmişdi. Məni apardılar yanına. AZTV də çəkirdi. Dedi ki, respublikada tapılmırsan, gündə bir mükafat alırsan? Cavab verdim ki, Heydər Əliyeviç, bu, sizin sayənizdə olur. Sizin şəxsiyyətinizə bütün dünyada o qədər maraq var ki, ona görə belə olur. Bəli, birmənalı olan budur ki, Heydər Əliyev xalqını, yaradıcı adamları sevirdi. Biz “Mozalan”da işləyəndə filmlərimizin hər bir nömrəsinə baxardı…
Ayaz SALAYEV:
– Bu barədə düşündükcə “Uca zirvə məsafədən daha yaxşı görünür” kəlamı yadıma düşür. Heydər Əliyevin diqqəti, qayğısı Azərbaycan kinosunu tanıdıb. Ulu öndərin müstəqillik arzuları reallaşdı, Zəfər arzusu gerçəkləşdi. Bu duyğuları qələbədən sonra Şuşada, Cıdır düzündə, “Xarıbülbül” festivalında şəxsən yaşadım. Azərbaycan dövlətinin uğurlu siyasəti və parlaq incəsənəti Şuşada birləşmişdi. Sirr deyil ki, zaman-zaman bizi dünya ictimaiyyətinə azlıqların ölkəsi kimi tanıtmaq cəhdləri olub. Amma Heydər Əliyev və İlham Əliyevin müdrik siyasəti sayəsində bütün o stereotiplər aradan qalxdı. Gərək bu, kinomuzda da özünü parlaq şəkildə göstərsin.
Vaqif MUSTAFAYEV:
– Tam doğru. İndi əsas odur ki, Qələbəmizin möhtəşəmliyini göstərə bilən filmlər meydana gəlsin. Biz Qələbə çalmış ölkənin vətəndaşlarıyıq. Bu, özünü filmlərimizdə də göstərməlidir, özü də yüksək peşəkarlıqla. “Fəryad 1” Birinci Qarabağ savaşına aiddir, 1993-cü ildə çəkilib. İnşallah, “Fəryad 2” hazırkı qalibiyyət dönəminin filmi olar.
Aydın KAZIMZADƏ:
– Kino Forumu ərəfəsində belə bir görüşün keçirilməsi son dərəcə təqdirəlayiqdir. Yığışıb nailiyyətlərdən danışmağımız, problemləri qabartmağımız, bu cür işgüzar müzakirələr aparmağımız xoşdur. Mən tez-tez kinomuzla bağlı bu və ya digər mövzuda yazılarla “Xalq qəzeti”ndə çıxış edirəm. Tariximiz şərəflidir, amma estafeti əldə möhkəm saxlamaq tələb olunur. Açığı, bu gün kinolarımızda müəyyən cılızlaşmanın baş verdiyi müşahidə olunur. Elə etməliyik ki, bütün səylərimizi böyük kino naminə, inkişafa davam tendensiyasına yönəldək.
Xatırlayıram ki, 1970-ci ildə Sovet Azərbaycanına həsr olunmuş bir sərgi keçirilirdi. Kinoya da stendlər ayrılmışdı və orada Babəkin paltarı, papağı da nümayiş etdirilirdi. Bu, ulu öndərin diqqətini cəlb etdi. Deyim ki, heç bir stendin qarşısında oradakı qədər dayanmadı. Tarixi şəxsiyyətlərimizin, qəhrəmanlarımızın kinoda əbədiləşdirilməsi ilə bağlı dəyərli tövsiyələr verdi. Təkrar olsa da, deyim ki, elə “Babək”, “Nəsimi”, “Nizami”, “Dədə Qorqud” filmlərimiz məhz Heydər Əliyevin səyi, dəstəyi ilə hasilə yetibdir.
Həmin sərgidə kino eksponatları arasında nümayiş etdirilən bir vaza da vardı. Ümummilli lider ona baxaraq soruşdu: “Bu, Düşənbədə “İstintaq” filminə verilən mükafatdırmı?” Düz deyirdi. Həmin an hər birimiz ulu öndərin yaddaşına, fəhminə, bilgisinə heyran qaldıq... Mən bu barədə “Heydər Əliyev və Azərbaycan kinematoqrafı” adlı kitabımda yazmışam.
Bəli, dünən edilənlər dünəndə qalıb. Bəs, bugünün vəzifələri nədən ibarətdir? Bu gün Qarabağı erməni işğalından azad etmiş igidlərimizin – zəmanəmizin qəhrəmanlarının kinoda bədii obrazları eyni vüsətlə yaradılmalıdır.
Ayaz SALAYEV:
– Doğrudur. Bu gün biz, sanki, bir millət kimi yenidən doğulmuşuq. Qalib xalq olmağımız kinonun çiyninə böyük yük qoyur. Biz kino sənətinin təmsilçiləri qəhrəman xalqımıza çox borcluyuq və bu borcdan öz yaradıcılıq səylərimizlə çıxmağa çalışmalıyıq.
Oqtay MİRQASIM:
– Eyni zamanda, ulu öndərin sənətə verdiyi qiymətə, biz sənətçilərə olan qayğısına da ömrümüz boyu layiqli işlərlə cavab verməliyik. Yadıma gəlir, Heydər Əliyev Xalq artisti Nəsibə Zeynalova haqqında demişdi ki, Nəsibə xanım əbədi deyil, “Qaynana”nı ekranlaşdırın ki, ondan yadigar qalsın. Minnətdarıq ki, Heydər Əliyevin tövsiyəsi ilə təkcə o əsər yox, Anarın “Şəhərin yay günləri”, “İmtahan”, “Babək” və sair kimi çox gözəl filmlər də yadigar qaldı.
Dəyirmi masada milli kinomuzun bu günü və sabahı ilə bağlı qayğılar əsas leytmotiv oldu. Qonaqlarımızın fikirlərində tənqidi notlar da vardı, amma nikbin bir ruh da duyulurdu. Bunun adı sabaha inam idi.