Mövcud çətinliklərə və problemlərə rəğmən Azərbaycan kinosu yaşayır. Kinoforumdan sonra gəldiyim qənaət və gələcəyinə inandığım həqiqət budur. Dünya və tarix daima yüksələn inkişaf xətti ilə irəliləmədiyi kimi, kino sferası, o cümlədən Azərbaycan kinosunun da həyat yolu hər zaman hamar və hamının maraqlarını təmin edən tərzdə olmamışdır. Amma nə yaxşı ki, sənətə, bədii əməyə və onun daşıyacılarına qiymət verən insanlar və dövlətimiz var...
Azərbaycan mədəniyyətinin zəngin ədəbi-bədii nümunələri, bəşəri dəyərlər daşıyan əsərləri insanlığın sənət xəzinəsinə töhfə verməklə tarixdə özünəməxsus iz buraxıb. Mədəniyyətimizin əsas qolları olan milli musiqi, rəssamlıq, teatr və kinematoqraf illər boyu ümumbəşəri ideyaları tərənnüm etmişdir.
Tarixə nəzər salsaq milli kinematoqrafiyanın keçib gəldiyi yolun heç də hamar olmadığını görərik. Mən kinematoqrafiyamızın ötən əsrin ikinci yarısındakı vəziyyətinə nəzər salmaq istərdim. Çünki, məhz həmin dövrdə baş verən proseslər XX əsrdə müstəqil Azərbaycan kinematoqrafiyasının varolma əsaslarını müəyyənləşdirdi.
Belə ki, Azərbaycanda kinematoqrafiyanın vəziyyəti II Dünya müharibəsindən sonra müəyyən durğunluq dövrünü yaşadı. Mövzuların, hətta kadrların Moskvadan təyin olunması Azərbaycan milli kinosunun inkişafına ciddi əngəllər törədirdi. Bakı kinostudiyasının qonşu respublikalardan birinin tabeliyinə verilərək filial kimi fəaliyyət göstərməsi haqqında Moskvada məxfi şəkildə qərar hazırlanırdı. Azərbaycanın bədnam qonşularının Sov. İKP Mərkəzi Komitəsində və Siyasi Bürodakı yüksək vəzifəli təmsilçilərinin və onların havadarlarının müdaxiləsi sayəsində bu işə zəmin hazırlanırdı. O vaxt Azərbaycanın siyasi rəhbərlyində Heydər Əliyevin yüksək vəzifə tutması bu təhlükənin qarşısını aldı. Belə ki, Mehdi Hüseynzadənin reabilitasiya olunması və Sovet İttifaqı Qəhrəmanı adını almasında təşəbbüs ulu öndər Heydər Əliyevə məxsusdur. Məhz onun səyləri ilə arxiv materialları araşdırıldı və Moskvada aidiyyəti orqanlara tutarlı faktlarla Mehdi Hüseynzadənin qəhrəmanlığı sübut olundu. İ.Qasımov və H.Seyidbəylinin müəllifi olduğu “Uzaq sahillərdə” romanı da onun təşəbbüsü ilə yazıldı. Daha sonra Tofiq Tağızadənin quruluşçu-rejissorluğu ilə eyni adlı filmin çəkilişləri də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutdu. Bakı kinostudiyasında çəkilişə başlanan “Uzaq sahillərdə” filmi 1958-ci ildə uğurla tamamlandı. Bundan sonra Bakı kinostudiyası 1959-cu ildən “Azərbaycanfilm” kimi fəaliyyətini davam etdirdi. Bununla da “Azərbaycanfilm”in qonşu respublikalardan birinin filialı olmaq kimi təhqiredici bir faktın qarşısı alındı! Azərbaycan kino tarixində renessans mərhələsi kimi yadda qalan bir neçə uğurlu filmin ərsəyə gəlməsi məhz ulu öndərin çox məharətlə inşa etdiyi milli özünüdərkə xidmət edən sistemdə, onun özünün də şəxsən irəli sürdüyü təşəbbüs və qərarlar ilə bağlıdır. Azərbaycan xalqının maddi-mədəni irsinə, tarixinə sahib çıxması, müstəqil bir xalq kimi milli-mədəni mühitdə yaşayıb inkişaf etməsi üçün ulu öndər əvəzolunmaz xidmətlər göstərmişdir.
Onun uzaq perspektivə hədəflənmiş və əsasında Milli İnkişaf Konsepsiyası duran fəaliyyətinin Azərbaycanın XX əsr tarixinin bütün sahələrində – siyasət, iqtisadiyyat, mədəniyyət, elm, ideologiyada bariz nümunələrlə zəngin olduğunu bu gün daha parlaq şəkildə görürük.
Ulu öndərin miras qoyduğu siyasi, mədəni kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyev qloballaşan dünyanın çağırışlarına Vətən sevgisi aşılayan qürurverici fəaliyyəti və Azərbaycan dövlətçiliyini yeni inkişaf səviyyəsinə qaldırması ilə cavab verdi.
Azərbaycançılıq, müasirlik, tolerantlıq, multikulturalizm kimi dəyərlərimizi qorumaq və gələcək nəsillərə ötürməyin əhəmiyyətini zaman-zaman xatırladan Prezident İlham Əliyev, əslində, xalqı bu dəyərlər ətrafında birləşdirməyə və həmin dəyərlərin cəmiyyətin bütün fəaliyyət və yaradıcılıq sahələrində əsas meyar kimi tətbiq edilməsinə nail oldu.
Müasir, “sərhədsiz” dünyada müxtəlif “ideyalar” bir-birini tez-tez əvəz edir, çeşidli resurslar vasitəsilə müstəqilliyinin bəhrəsini dadmağa imkan tapmamış ölkələrə asanlıqla daxil olur. Məsələn, natamamlıq psixologiyası, öz xalqının əxlaqi keyfiyyətlərinə, tarixinə, ictimai-şüurunun sınaqdan çıxmış formalarına yuxarıdan aşağı baxmaq kimi tendensiyalara köklənmiş mesajlar maraqlı güclər tərəfindən dəstəklənməkdədir. İdeloji-mənəvi-əxlaqi sferada boşluq yaranan kimi onun yerini mürtəce, separatçı, aqressiv, humanizmdən uzaq müxtəlif növ meyillər, hətta dini-siyasi sapmalar doldurmağa başlayır. Heç şübhəsiz ki, bu ideyaların sürətlə sapmalara məruz qaldığı sahələrdən biri də kinematoqrafiyadır.
Birinci və hələlik sonuncu Kinoforum Azərbaycan kinosunun mövcud vəziyyətini şəffaf şəkildə müzakirəyə çıxardı. Kinoforumun gedişatı onu göstərdi ki, onun təşkilatçısı olan ölkəmizin Mədəniyyət Nazirliyi üçün bu sferada qapalı saxlanacaq kiçik bir detal belə yoxdur. Bu isə çox vacib idi. Hər hansı bir xəstəliyin müalicəsi düzgün qoyulan diaqnozdan asılıdır.
Dörd paneldə müzakirəyə qoyulan mövzular geniş əhatəli şəkildə imkan verdi ki, çıxışçılar sərbəst şəkildə diskussiya aparsınlar, fikir bildirsinlər. Müzakirələr çox aydın şəkildə Azərbaycan kino sənayesinin təxirəsalınmaz həllini gözləyən istiqamətlərini müəyyənləşdirdi. Əsas ana istiqamət xətti isə bunlar oldu: mədəniyyətimizin ideoloji əsasları olan azərbaycançılıq, tolerantlıq, mültikulturalizm, maddi-mədəni irsimizə sadiqlik! İştirakçıların əksəriyyətinin səsləndirdiyi ana fikirlərin ortaq nöqtəsi də həmin ideyaların Azərbaycan kino incəsənətində daha əhatəli, geniş həcmdə əks edilməsi istəyi oldu.
Azərbaycan kinosu ancaq daxili lokal məkanda fəaliyyət göstərə bilməz. Kinematoqrafın vacib cəhətlərindən biri də sərhədləri aşıb mədəni-kulturoloji ixrac potensialına malik olmasıdır. Düşünürəm ki, kinematoqrafiyamız “Yumşaq güc” olmaq potensialına malikdir və yaxın perspektivdə yerləşdiyimiz coğrafiyada mədəni-əxlaqi dəyərlərimizi tanıtmağa və sevdirməyə malik olacaqdır. Bu prosesi uğurla tətbiq etmək üçün yüksək professionallıq, savad, müasir dünya kinosunda gedən proseslərdən xəbərdar olmaq, ən əsası öz xalqının tarixini, mədəniyətini bilən və sevən peşəkarlar tələb olunur. Özfəaliyyət səviyyəsində, qeyri-professional yanaşma bu prosesi iflasa uğradacaq. Yuxarıda sadaladığımız mənəvi-əxlaqı keyfiyyətlərin təbliği xalqımıza rəğbət formalaşdırması üçün vacib şərtlərdən biridir. Beynəlxalq kinofestivallarda və film fondlarında iştirak etməklə bu prosesi beynəlmiləlləşdirmiş oluruq.
Kinoforumda səslənən fikirlərin təhlili Pitçinq (layihələrin təqdimatı) prosesinin kinomuz üçün nə qədər vacib olduğunu diqqət mərkəzinə gətirir. Son illər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Ekspert Şurası, Bədii Şura və sairə kimi müxtəlif adlarla psevdo-pitçinq kimi müsabiqələr keçirilmişdir. Pitçinq isə dəqiq format və reqlament tələb edir. Belə olmasa bu gün Azərbaycan kinosundakı kimi bir nəticə ilə qarşılaşırıq. Pitçinq formatının peşəkar səviyyədə tətbiqi prodüser, distribüter kimi kino səneyesinin vacib sahələrinin formalaşması üçün platfoma rolunu oynaya bilər. Digər tərəfdən, gələcək filmin çəkiliş prosesinə peşəkar səviyyədə nəzarəti də təmin etmiş olacaqdır. Əsas diqqəti dövlət büdcəsindən maliyyə dəstəyi almaq arzusunda olan kinolayihələrin seçilməsi üzərinə yönəltməyin əhəmiyyətini qeyd etmək istərdim.
KİNOFORUMA SÖZARDI
Kinoforum kino sektorunda yaranmış problemlərin tam təsnifatını müəyyənləşdirməsə də, əsas istiqamətləri araşdırmağa meyilli olan çıxışlara və suallara meydan verib cavab ala bildi. Əslində, kino sektorunda çoxsaylı, illərlə yığılıb qalmış problemlərin həll olunmaması, bu proseslərin davamlı şəkildə daha geniş və peşəkar müzakirələrə ehtiyacı olduğunu ortaya çıxardı.
Kinoforum problemlərin həlli yollarını axtarmaq üçün fikirlərin, mövqelərin müzakirəsi, dərdlərin bölüşülməsi istiqamətində irəliyə doğru atılan bir addım oldu. Bu mənada dövlətimizin mədəniyyət siyasətini idarə edən şəxslər və strukturlar milli kino sənayesinin bir çox məsələlərindən agah oldular və sektorun əsas iştirakçılarının potensialına yenidən qiymət vermək imkanı əldə etdilər. Fikrimcə, bu məqam yol xəritəsinin formalaşdırılması üçün çox vacib amil olmalıdır.
Son 20 ildə – keçmiş Sovet respublikaları ilə Azərbaycandakı kino sferasını müqayisə edəndə ölkəmizdə ürəkaçan məqamların az olduğunu görərik. Bu kino sənayesinin qurulması üçün təxirəsalınmaz istiqamətlərdə, daha dəqiq desək, struktur formalaşmasında aydın görünür. Məsələn, Beynəlxalq kino fondlarında müştərək layihələrin təmsil olunmaması, EUROIMAGE üzvlüyünə hələ də qəbul olunmamağımız, Azərbaycanda Beynəlxalq səviyyəli (FIAPF-da qeydiyyatdan keçmiş) film festivallarının olmaması, Kino Agentliyinin bu vaxta qədər fəaliyyətə başlamaması, kino yayımında və dublyajda problemlərin mövcudluğu, prodüser və distribüter institutlarının beynəlxalq səviyyədə zəif təmsil olunması qonşu ölkələrlə müqayisədə kinomuzun geri qalmasını aşkara çıxarır. Məhz buna görə gecikmədən kino sektorunun inkişafının yol xəritəsi hazırlanaraq Kino Agentliyinin icrasına təqdim olunmalıdır.
Kino Agentliyi mütləq peşəkar, ali savadlı kadrlardan təşkil edilməlidir. Fikrimizcə, Azərbaycan kino tarixində müstəsna rol oynamış “Azərbaycanfilm” Kino Mərkəzi kimi fəaliyyət göstərməli, çəkiliş pavilyonları müasir kino sənayesinin tələblərinə uyğun yenidən qurulub istifadəyə verilməli, müxtəlif yaradıcılıq birliklərinin fəaliyyətini bu mərkəzdə cəmləşdirməklə rentabelli bir təşkilata çevrilməlidir.
Dövlətin təsis edəcəyi Kinofond çərçivəsində ayırdığı maliyyənin bölüşdürülməsi şəffaf müsabiqələrlə, Pitçinqlə müəyyən olunaraq müxtəlif studiyalar arasında paylanmalıdır. Hər hansı bir layihə 100 faiz dövlət tərəfindən maliyyələşdirilməməlidir. Müxtəlif studiyalar (“Azərbaycanfilm” də daxil olmaqla) bu müsabiqələrdə iştirak etməlidirlər. Belə olan təqdirdə dövlətdən tam asılılıq vərdişindən uzaqlaşarıq, prodüser isə layihənin sahibi kimi fəaliyyət göstərmiş olar.
Dövlət kino sferasına ilkin mərhələdə kino sənayesinin qurulması üçün müəyyən maliyyə vəsaiti ayırmalı və bu prosesi çox ciddi nəzarətdə saxlamalıdır. Dövlətin özəl sektora müsabiqələr, tenderlər vasitəsi ilə sifarişlər verməsi praktikasını reallaşdırmağın nə qədər vacib olması mübahisə doğurmamalıdır.
Yerli investorların davamlı olaraq kino sektoruna maliyyə yatırımını təmin etmək üçün vergi qanunlarında müəyyən güzəştli şərtlərin olmasını təmin etmək lazımdır. Azərbaycanda kifayət qədər investor mövcuddur ki, belə şərtlər daxilində yatırım etməyə hazırdır. Kino sferasında artıq mövcud olan özəl sektorun fəaliyyəti bunu deməyə əsas verir.
Kino sektorunda müəlliflər heyətində mütəxəssis problemi olmasa da, köməkçi sahələrdə (I asistent, qrim rəssamı, geyim üzrə rəssam, rəssam-arxitektor, pirotexnik, kaskadyorlar) böyük çatışmazlıqlar vardır. Bu gün istehsalata, eyni zamanda, 10 tammetrajlı film buraxılsa, bu, daha kəskin şəkildə özünü göstərəcək. Bu isə kino sənayesinin vacib tələblərindəndir. Məhz bu nöqteyi-nəzərdən Mədəniyyət və İncəsənət Universitenin nəzdində (Kino Agentliyinin tabeliyində də ola bilər) daha geniş imtiyazlara malik Ali Kino İnstitutunun yaradılması da aktual görünür.
Həyatı və insan yaşayışını maraqlı edən onu bezdiricilik sindromundan qurtaran müxtəliflikdir. Zövqlərin, tələbatın, istəklərin müxtəlifliyi, bu rəngarəngliyi tanımaq, öyrənmək insana həyatı sevdirir. Müasir Azərbaycan kinosu da müxtəlif janr və istiqamətlər üzrə həyatımızın çeşidli tərəflərini maraqlı hekayələrlə bədii-vizual əsərlər halına gətirərək, tariximizin bir hissəsinə çevrilməkdədir. Amma müxtəliflik bədii dəyər ifadə etmədikdə kino çəkmək üçün çəkilən zəhmət də, sərf olunan zaman da insana təəssüf hissindən başqa bir hiss yaşatmır. Tamaşaçılar isə Azərbaycan kinosunu seyr edib qürur hissləri ilə yaşamaq istəyirlər...
Şamil ƏLİYEV,
kinorejissor və ssenarist
"Xalq qəzeti"
14 may 2023 - cü il